Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının üzvlüyünə seçilib

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan 2011-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə öz namizədliyini irəli sürmüşdü. ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.

BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə beynəlxalq münasibətlərdə rolu və nüfuzunu daha da yüksəldib.

XİN-in məlumatında qeyd olunur ki, ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan indiyədək bir dəfə – 2003-2005-ci illərdə ECOSOC-un üzvü olub.

ECOSOC-un 54 üzvü var. Şura üzvlüyünə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə seçilir. Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün üzv dövlətlərin ən azı 2/3-nin, yəni, 129 dövlətin səsi tələb olunur.

2011-ci ildən etibarən ölkəmizin bu quruma namizədliyinə dəstəyin əldə edilməsi üçün fəal diplomatik iş aparılıb.

14 iyun 2016-cı il tarixində BMT-nin Baş Assambleyasında keçirilmiş seçkilərdə səsvermədə iştirak etmiş 184 üzv dövlətdən 176-nın səsini əldə etmiş ölkəmiz Şuranın üzvü seçilib. Azərbaycan 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-ədək ECOSOC-un üzvü olacaq.

BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir.

Azərbaycan Şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək.