İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının nümayəndə heyətini qəbul edib

AzEuroNews president.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılığı ilə fransalı deputatların yeni qrupunun Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı imkan yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev parlamentlərarası əməkdaşlığın bu münasibətlərin genişləndirilməsindəki müsbət rolunu qeyd etdi. Fransa prezidentlərinin Azərbaycana, özünün isə Fransaya səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat, yüksək texnologiyalar, ticarət, təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Dövlətlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, indi əsas vəzifə Fransa ictimaiyyətini Azərbaycan reallıqları, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı daha geniş məlumatlarla tanış etməkdir. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin respublikamıza səfərinin xalqlarımızın və ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyini vurğuladı.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel nümayəndə heyəti üzvlərinin Azərbaycana ilk dəfə səfər etdiklərini dedi. O, heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını və artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğuladı. Ölkəmizə səfərləri çərçivəsində “Azərbaycanı özün üçün kəşf et” proqramı hazırladıqlarını deyən Jan Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini qeyd etdi. Jan Fransua Mansel Bakıda keçirilən Formula-1 yarışlarına onların böyük maraq göstərdiklərini dedi. O, bu cür beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın zəngin təcrübəyə malik olmasının önəmini qeyd etdi.