Leyla Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış rəssam Corc Kondonun fərdi sərgisi ilə tanış olub

İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə tanış olub.

leyla_aliyeva_foto_170616_(1)“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə yeni bir layihənin təqdim edildiyini diqqətə çatdırdı. O, sərginin Heydər Əliyev Mərkəzində təşkil olunmasına rəhbərlik edən Leyla Əliyevaya, layihənin kuratoru Simon de Puriyə, “Qaleri Karaç”ın və Bakıda təqdim olunan Corc Kondo kolleksiyasının sahibi Andrea Karaça minnətdarlığını bildirdi. Mərkəzin direktoru qeyd etdi ki, bu layihənin Bakıda həyata keçirilməsi üçün onun üzərində bütün kollektiv 2 il işləyib.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq dedi: “Biz bu gün Birləşmiş Ştatlarda çoxşaxəli və ekstravaqant üslubu ilə seçilən rəssamın yaratdığı əsərlərdən ibarət sərginin açılışında iştirak edirik. Mən çox şadam ki, dünyada ən çox xoşladığım, pərəstişkarı olduğum rəssamın sərgisini biz məhz burada, belə gözəl, möhtəşəm bir binada keçiririk. Bildiyiniz kimi, bu binanın müəllifi öz əsərləri ilə inanılmaz zirvələri fəth etmiş memar Zaha Hadiddir. Biz artıq Heydər Əliyev Mərkəzində öz maraqlı əsərləri ilə seçilən Endi Uorhol, Riçard Dikon, Bernar Buffe və digər istedadlı rəssamların və heykəltəraşların sərgilərini təşkil etmişik”.

leyla_aliyeva_foto_170616_(7)İlk dəfə olaraq Corc Kondonun işlərini özü üçün 5 il bundan əvvəl kəşf etdiyini deyən Leyla Əliyeva həmin vaxtdan etibarən rəssamın yaratdığı əsərlərə vurulduğunu bildirərək dedi: “Çünki o, yaratdığı bütün əsərlərində çox müxtəlif üslubları, insanların məhz ürəklərindən keçən hissləri, çox böyük, canlı həyatı, emosiyaları, müxtəlif hissləri təcəssüm etdirib. Bu əsərlərdə həm qəmginlik, həm xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə, sırf bir üslubda, istiqamətdə işləmir. Adətən onun əsərləri haqqında danışarkən daha çox kubizm, ekspressionizm üsullarından istifadə etdiyini söyləyirlər. Lakin biz onun əsərlərini seyr edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları əks etdirir. Bir tərəfdən ahəngdarlıq, digər tərəfdən məhz məxfilik, həmçinin reallıq, insanın xülyaları, müxtəlif rənglər və ümumiyyətlə, sehrli bir aləmin məqamları onun əsərlərində əksini tapır.

Sənətkarın ABŞ-ın Hyuston, Nyu-York, Buffalo, Avropanın Salzburq, Paris, Barselona, Bielefeld və Londonda sərgiləri keçirilib.

Heydər Əliyev Mərkəzindəki “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” sərgisi noyabrın 6-dək davam edəcək.