Prezident İlham Əliyev Alen Desteksi qəbul edib

AzərbaycanPrezidenti İlham Əliyev iyunun 17-də Belçika Krallığının senatoru, AŞPA-nın Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib.

“AzEuroNews” “AZƏRTAC“a istinadən xəbər verir ki, senator Alen Desteks Formula -1 yarışlarının başlanması münasibətilə təbriklərini çatdırıb. Dünyada Formula-1 yarışına marağın getdikcə artdığını vurğulayan qonaq ölkəsində də Qran-Pri yarışlarının keçiriləcəyini deyib. Alen Desteks 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisinə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün Azərbaycana səfər etdiyini vurğulayıb.

Bakının Formula-1 xəritəsində yeni şəhər olduğunu deyən dövlət başçısı yarışların gələn qonaqlarda maraq doğuracağına, onların ölkəylə yaxından tanış olmaları, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiyaların əldə edilməsi baxımından tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.