Rusiya, Azərbaycan və Ermənistan prezidentləri üçtərəfli bəyanatı razılaşdırıblar

“Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv, açıq və qarşılıqlı etimad şəraitində keçib”.

AzEuroNews “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburqda Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən bildirib.

“Biz danışıqlar prosesinə əlavə dinamika vermək üçün bütün əsaslara malikik. Biz bu istiqamətdə yaxın zamanda atılacaq addımları müzakirə etmişik. Ən əsası ATƏT-in Minsk qrupunun həmsədrləri bu sammitə dəvət olunmuşdular”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT-in müşahidəçilərinin sayının artırılması ilə bağlı razılığa gəliblər.

S.Lavrov qeyd edib ki, dövlət başçıları danışıqların nəticəsi olaraq yaxın vaxtlarda açıqlanacaq üçtərəfli bəyanatı razılaşdırıblar: “Sənəddə onların təmas xəttində vəziyyətin normallaşmasına sadiq olduqları təsdiqlənib”.