Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıyıq

Azərbaycanın BMT-nin Roma şəhərində yerləşən agentlikləri yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) prezidenti Kanayo Nvanze ilə görüşüb.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycan Hökuməti ilə IFAD arasında mövcud əlaqələr, bu xüsusda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan diplomatı ölkəmizin iqtisadi potensialı, iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft ixracının artırılmasında kənd təsərrüfatı sektorunun prioritet olması, kənd təsərrüfatı sahəsində əldə edilmiş nailiyyətlər və bu xüsusda beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb.

IFAD prezidenti 2010-cu ildə İslam İnkişaf Bankının Rəhbər Şurasının iclasında iştirak ilə əlaqədar Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb və ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində kənd təsərrüfatına verilən diqqəti təqdir edib və rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.