Barak Obama türkiyəli həmkarından razı qalıb

ABŞ Prezidenti Barak Obama Rusiya ilə münasibətləri tənzimləmək istiqamətində ilk addım atan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləyib. Bu barədə Ağ evin mətbuat xidməti iki ölkə liderinin telefon danışığından sonra məlumat yayıb.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Türkiyə hökuməti Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması, həmçinin İsraillə münasibətlərin tənzimlənməsi istiqamətində fəaliyyətə görə ABŞ prezidentinin rəğbətini qazanıb.

Türkiyə lideri ilə Barak Obamanın telefon danışığının əsas mövzusu isə İstanbulun Atatürk beynəlxalq aeroportunda baş verən terror aktı olub. ABŞ prezidenti bu terror aktının mart ayında Brüsselin hava limanına edilən hücum kimi, bütün beynəlxalq aləmə qəsd olduğunu vurğulayıb.

Barak Obama, həmçinin hadisə ilə bağlı təhqiqatda Türkiyə hökumətinə istənilən köməkliyi göstərəcəyini bildirib.

Xatırladaq ki, son məlumata görə, iyunun 28-də İstanbulun Atatürk hava limanına edilən terror hücumu nəticəsində 42 nəfər həlak olub, 239 nəfər isə yaralanıb.