`Ortada sənəd var, üzərində iş gedir`- XİN rəhbəri

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma danışıqlar naminə danışıqlar olmamalıdır”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.

Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib: “Ortada sənəd var və onun üzərində iş gedir. Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”, -deyə XİN rəhbəri əlavə edib.

Məmmədyarov qeyd edib ki, ATƏT-in regionda rolu böyükdür: “ATƏT Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Eyni zamanda mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsi üçün səy göstərir. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”.