1812 magistrə əsgərlikdən möhlət hüququ verildi

Xəbər verdiyimiz kimi, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələri artıq bəllidir.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Bəs görəsən bu il magistr adını qazanan bakalavrlardan neçəsi oğlandır ? Yəni bu il nə qədər oğlan magistr təhsili ilə əlaqədar hərbi xidmətdən möhlət hüququ qazanacaq?

Modern.az saytının sualını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) aparıcı məsləhətçisi Xanlar Xanlarzadə cavablandırıb.

TQDK rəsmisi bu il magistraturaya qəbul olunan oğlanların sayını açıqlayıb :

“Bu il 5175 gənc bakalvar təhsilini başa vuraraq, magistraturaya qəbul umtahanlarında uğur qazandı. Onlardan 1812 nəfəri oğlan və 3363 nəfəri isə qızdır”.

Xanlar Xanlarzadə deyib ki, ümumilikdə magistraturaya qəbul olunanlar daha çox MBA proqramı istiqamətini seçiblər:

“Magistr adını qazananların əksəriyyəti MBA proqramı istiqamətini seçiblər. Buna əsas səbəb odur ki, MBA-da istənilən ixtisas proqramlarını seçmək olur”.

Bu il magistraturaya qəbul olunanlardan 2205 nəfəri dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur.