Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Ramazan çadırı” qurulub

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iftar süfrəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

İftar çadırında Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxış edərək, müsəlmanları bayram münasibətilə təbrik edib, Azərbaycanda müqəddəs Ramazanın necə qeyd edilməsindən danışıb.

İştirakçılara “Baku”, “Amor”, “İrs” jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan haqqında yeni mətbu nümunələr, ölkəmiz haqqında multimedia diskləri və Azərbaycanın gözəl mənzərələrinin təsvir olunduğu açıqcalar paylanıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 11 ildir, Rusiya Müftiləri Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir, möminlər üçün iftar süfrəsi açır.