“Türkiyənin Aİ və Rusiya ilə münasibətlərində prinsipial problem mövcud deyil”

Ankara ilə Brüssel və Moskva arasında prinsipial problem yoxdur. Türkiyənin Rusiya və Avropa İttifaqı ilə münasibətlərinin inkişafında ziddiyyətlər mövcud deyil. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bir tərəfdə Avropa İttifaqı, digər tərəfdə Rusiya… Biz onlarla yolu birlikdə davam etdirə bilərik. Bu, ziddiyyət, alternativ deyil, hətta rəqabət də deyil. Çünki biz öz maraqlarımıza uyğun hərəkət edirik. Türkiyənin nə Aİ, nə Rusiya ilə münasibətlərində prinsipial problem mövcuddur”, – deyə Mövlud Çavuşoğlu Antalya vilayətinin Коркутели şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, son günlər Türkiyənin xarici siyasətində xüsusi fəallıq müşahidə olunur. Bunun sayəsində İsrail və Rusiya ilə münasibətləri normallaşdırmaq mümkün olub.

“Biz Brüsselə yola düşdük. Türkiyənin Aİ-yə daxil olması üçün yeni səhifə açdıq və vizaların ləğvi ilə bağlı mühüm görüş keçirdik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdük. Görüş çox faydalı oldu”.

Xarici işlər naziri bildirib ki, Türkiyə və Rusiyanın nazir və məmurlarının görüşü planlaşdırılır. Habelə Türkiyənin dövlət başçısı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.