Dilqəm Əsgərovun vəziyyəti pisləşib – Girovdan məktub gəlib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları sonuncu dəfə iyunun 28-də Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Həmin vaxt BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar. Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Modern.az saytı xəbər verir ki, D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məktubun surətini azvision.az-a təqdim edib. Oğlunun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var. D.Əsgərov məktubunda yazır:

“Yazdığım məktubu iyunun axırında göndərdim. Ermənilər də sizin məktubunuzu gətirib veriblər. Hər dəfə yazırsınız ki, idman edim. Ürəyimdə, qol-qıçımda, belimdə olan ağrılar imkan vermir. Radionun dərdini Qızıl Xaç çoxdan yaxşı bilir. Kamerada tək qalıram. Radionu aparıblar. Yazırsınız ki, dünya qarışıb. Bunların hamsını yaxşı bilirəm. İnsan Hüquqları Komissiyasına görüş üçün ərizə yazın. Mənim haqqımda internetə verilən çox yazılar yalandır. Radionu geri alıblar. Görüş üçün hamınız ərizə yazın. İmtahandan aldığınız qiymətləri yaxşı bilirəm. Üç  dənə “2”! Babandan muğayat ol. Məktubu yaxşı oxu. Hər şeyə diqqətlə bax. Kəlbəcər rayonu, Dilqəm Əsgərov!”.

Dağlıq Qarabağda saxlanılan D.Əsgərovun səhhətinin pisləşməsilə bağlı BQXK-nin Bakı nümayəndəliyinin İctimiayyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a açıqlamasında deyib ki, saxlanılan şəxs ailəsinə göndərdiyi məktubda özü barədə nəyi lazım bilir və ehtiyac görürsə, yaza bilər:

“Bu, onun müstəsna hüququdur. Saxlanılan şəxsin sağlamlığı və ya durumu barədə Komitə ictimaiyyətə açıqlama vermir. Bu, sırf onun ailə üzvlərinə çatdırılan məlumatdır”.

2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb.

Dağlıq Qarabağda qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlarla birlikdə Kəlbəcərə getmiş üçüncü azərbaycanlı – Həsən Həsənov isə öldürülüb.