İstanbul terrorunda suçlanan azərbaycanlının kimliyi açıqlandı

İstanbuldakı Atatürk Hava Limanında törədilən terror aktında şübhəli bilinən azərbaycanlının şəxsiyyəti bəlli olub.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, terrorda şübhəli bilinərək həbs olunan azərbaycan vətəndaşı Elçin Bünyadovdur. O, iyulun 3-də həbs edilib.

İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.

Ona qarşı “Silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə” maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bundandək İstanbul terroru ilə bağlı saxlanılan 17 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. 17 nəfərdən 11-i əcnəbidir (hamısı Rusiya vətəndaşıdır).

Bu günə olan məlumata görə, barəsində həbs qərarı verilənlərin sayı 30-a çatıb. Dünən  4-ü əcnəbi olmaqla 13 nəfərin həbsinə qərar verilib

Xatırladaq ki, iyunun 28-də Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Partlayışı İŞİD terror təşkilatına mənsub şəxslər törədib.