Prokuror ​Gülər Əhmədovanın şikayətinin təmin olunmamasını istəyib

Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədova Azərbaycanın hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə vəsatətin təmin edilməməsinə dair qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiirlib.

“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən proseadə vəkil Adəm Məmmədov vəsatətlə çıxış edib. O, G.Əhmədovanın bir neçə dəfə cərrahiyyə əməliyyatı olunduğunu bildirib: “Hüquqlarını müdafiə etdiyim Gülər xanım kəskin beyin qan dövranın pozulması, qan xəstəliyi və s. xəstəliklərdən əziyyət çəkir. O, 8 aylıq ölkədən çıxıb Almaniyada əməliyyat olunmalıdır”.

Gülər Əhmədova özü isə talismaniya daşıyıcısının olduğunu deyib: “İlk dəfə 24 yaşımda əməliyyat olunmuşam. Həmin vaxt talismaniya daşıyıcısı olduğum bilindi. Bundan sonra heç vaxt Azərbaycanda cərrahiyyə əməliyyatı olunmuram. Deputat olduğum dövrdə də mütamadi olaraq xaricə müalicə üçün gedirdim”.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə saat 15:00-a qədər müşavirəyə yollanıb.

Xatırladaq ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə vəsatət verib. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb. Bundan əvvəl G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğunun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi G.Əhmədovanın iddiası təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.