Yunanıstanda miqrantlar polislə toqquşub

Yunanıstanın Leros adasında miqrant və qaçqınların qəbulu düşərgəsində qanunsuz miqrantlarla polis arasında böyük toqquşmalar yaşanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Yunanıstanı tərk edərək Mərkəzi və Şimali Avropa ölkələrinə getmək istəyən miqrantlar əllərində balta, dəyənək və daşlarla polisə hücum çəkib. Qəzəbli miqrantlar hətta ölkəyə gələnlərin qeydiyyatının aparılması üçün nəzərdə tutulmuş ofisin olduğu konteyneri də dağıdıblar.

Nəticədə polis səs qumbarasından istifadə edib. Amma say azlığına görə onlar sahil mühafizəsinin ərazisinə geri çəkilmək məcburiyyətində qalıblar. Bir polis yaralanıb.

Polisin və sahil mühafizəsinin birgə səyləri nəticəsində asayişi bərpa etmək mümkün olub.

Xatırladaq ki, Lerosdakı düşərgədə əsasən Əfqanıstan və Pakistandan olan təqtibən 650 miqrant və qaçqın var.