“Azərbaycan mətbuatının heç kimdən asılılığı yoxdur”

“Azərbaycan mətbuatının çox möhkəm maddi-texniki bazası var. Dövlətimizin diqqət və qayğısı nəticəsində yaranmış bu möhkəm baza istər iqtidaryönümlü, istərsə də müxalifət qəzetlərinə, informasiya portallarına tam azad, sərbəst fəaliyyət göstərməyə geniş imkanlar yaradır”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşovsöyləyib.

O deyib ki, bu gün Azərbaycan mətbuatı – qəzet və jurnallar, televiziya və radiolar, informasiya portalları, sosial şəbəkələr ölkə əhalisini həm daxildə, həm də xaricdə baş verən hadisələrlə operativ məlumatlandırır. Ölkə əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir.

MŞ sədri deyib: “Azərbaycan mətbuatının heç kimdən asılılığı yoxdur. Milli mətbuatımız ölkədə baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayır. Biz bunun şahidiyik və dünya ictimaiyyəti də bunu təsdiq edə bilər”.

Ə.Amaşovun sözlərinə görə, Azərbaycan milli mətbuatının bugünkü durumu, ölkəmizdəki söz, mətbuat və fikir ifadə azadlığı barədə Tbilisidə keçirilən Cənubi Qafqaz ölkələri mediasının 13-cü konfransında da məlumat verilib. Konfrans iştirakçıları Azərbaycan mətbuatının inkişafı, güclü maddi-texniki bazaya malik olmaları barədə məlumatlardan razı qalıblar.