Əbülfəs Qarayev: Dövlət hotellərdə qiymətlərə təsir edə bilməz

Azərbaycanda hotellərdə qiymətlərin formalaşdırılmasına dövlət təsir edə bilməz.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, dövlət hotellərdə qiymət siyasətini müəyyənləşdirmir: “Qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur. Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymət formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”.

Nazir vurğulayıb ki, Azərbaycanda turizm bazarı heç bir monopoliyaya məruz qalmır: “Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir”.

Ə.Qarayev bildirib ki, Azərbaycanda turizimin inkişafı prioritet istiqamətlərdən biridir: “Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”.

Nazir əlavə edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına xeyli müsbət təsir edib.