İsveçrənin maliyyə naziri Azərbaycana gəlir

İyulun 15-16-da İsveçrənin maliyyə naziri Ulrix Mauer Azərbaycana səfər edəcək.

İsveçrənin Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən xəbərə görə, nazir səfər çərçivəsində bir sıra hökumət rəsmiləri ilə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən “Bretton Woods Institutions” ilə əməkdaşlıq, hər iki ölkənin cari iqtisadi və maliyyə durumu müzakirə olunacaq.

Qeyd edək ki, U. Mauer Bakıya səfərindən əvvəl iyulun 11-13-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Bretton Woods Institutions” birliyinin tərəfdarlarının illik görüşündə iştirak edəcək. “Bretton Woods Institutions” dedikdə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu nəzərdə tutulur. Adıçəkilən birliyin səsvermə qrupunun üzvləri Azərbaycan, Qazaxıstan, Polşa, İsveçrə, Serbiya, Türkmənistan, Tacikistan, Qırğız Respublikası və Özbəkistandır.