Suriya ilə də normal əlaqələrə qayıdacağıq

Türkiyənin baş naziri Binali Yıldırım deyib ki, ölkəsi Suriya və İraqla yaxşı əlaqələr qurmaq niyyətindədir.

AzEuronews bbc.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, “terrorçuluqla mübarizəni” uğurla başa çatdırmaq üçün hər iki ölkə sabit olmalıdır.

“Suriya ilə də biz normal əlaqələrə qayıdacağıq. Buna ehtiyacımız var. Terrorla mübarizənin uğurlu olması üçün Suriya və İraqın sabitləşməsi vacibdir”, baş nazir televiziya ilə canlı yayımda bildirib.

Binali Yıldırımın dediyinə görə ölkəsi daxildə və xaricdə dostluq dairəsini genişləndirməlidir.

“Hədəfimiz budur. Daxildə bunu etməyə başladıq. İsrail və Rusiya ilə münasibətlərimizi normal hala qaytardıq”.

Türkiyə Suriya prezidenti Bəşər əl-Əsədin qatı tənqidçilərindəndir.

Rəsmi Ankara dəfələrlə bildirib ki, Əsədin hakimiyyətdən getməsi Suriyada sabitliyin bərpasının yeganə yoludur.

Suriya məsələsində Bəşər Əsədə dəstək göstərən Rusiya ilə Türkiyənin mövqeyi daban-dabana ziddir.

May ayında baş nazir vəzifəsinə təyin edilən Binali Yıldırım dəfələrlə deyib ki, Türkiyə “düşmənlərin sayını azaltmalı və dostların sayını artırmalıdır”.