Ermənistan, İran, Gürcüstan, Bolqarıstan və Yunanıstan nəqliyyat dəhlizi yaratmaq niyyətindədir

Ermənistan, İran, Gürcüstan, Bolqarıstan və Yunanıstan Qara dəniz və Fars körfəzini birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin Nəqliyyat İdarəsinin rəis müavini David Melkonyan məlumat verib.

Onun sözlərinə görə, layihənin detallarını müzakirə etmək üçün iyulun 14-15-də Sofiyada görüş keçiriləcək.

D.Melkonyan, həmçinin görüşün bu səpkidə ikinci toplantı olacağını, ilk görüşün təxminən ay yarım əvvəl Tehranda keçirildiyini qeyd edib.

O, hələlik maliyyə məsələsinə toxunulmadığını da dilə gətirib.