ABŞ dövlət katibi Con Kerri Rusiya ilə hərbi əməkdaşlıq təklif edib

Suriyadakı müharibəyə son qoyulması üçün diplomatik qərarsızlıq vəziyyəti əbədi davam edə bilməz, Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, cənab Kerro Rusiya prezidenti Vladimir Putinlə görüşdə Moskvanın dəstəklədiyi Suriya hökuməti tərəfindən atəşkəsin davamlı pozulmasına görə narahatlığını bildirib.

Təxminən üç saat davam etmiş danışıqlar zamanı cənab Putinlə Con Kerri, özünü İslam Dövləti adlandıran qruplaşma və əl-Nüsrə Cəbhəsinə qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, cənab Kerry ABŞ və Rusiya hərbiyyəsinin kəşfiyyat məlumatlarını paylaşmaq və silahlılara qarşı hava hücumlarını əlaqələndirmək üçün məlumat mərkəzinin yaradılmasını təklif edib.

Cənab Kerri-nin planı ABŞ-ın hərbi və diplomatik çevrələrində narahatlıqla qarşılanıb – bəziləri Rusiyaya etibar etməyin düzgün olmadığını hesab edirlər.

Ağ Evdə də Rusiya ilə hərbi əməkdaşlıq perespektivinə ehtiyatla yanaşırlar.

“İndi Rusiya özünün diplomatik nüfuzundan və hərbi imkanlarından Suriyada necə istifadə edəcəyi barədə ciddi qərar verməlidir,” Ağ Ev sözçüsü Josh Ernest bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Elizabeth Trudeau etiraf etmişdi ki, cənab Kerri-nin Suriya məsələsində Rusiya ilə hərbi əməkdaşlıq planları hökumətdə “çox ciddi müzakirələrə” səbəb olub.