Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılır

Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. “Report”un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Bu mərhələdən etibarən UEFA-nın əmsallar cədvəlində 6-cı yeri tutan Fransadan bürünc mükafatçı “Monako”, eləcə də 7 – 15-ci yerlərdə qərarlaşan ölkələrin vitse-çempionları Liqa Marşrutu ilə mübarizəyə qoşulurlar.

Çempionlar Marşrutunda isə hazırda davam edən II təsnifat mərhələsinin 17 qalibi (adları 19-20 iyulda keçiriləcək cavab görüşlərindən sonra məlum olacaq) ilə yanaşı, qrup mərhələsinə birbaşa vəsiqə qazanma tələblərinə cavab verməyən 3 ən yüksək reytinqli assosiasiya (Yunanıstan, Çexiya və Rumıniya) çempionları yer alacaq. Bu marşrutda “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) cütlüyü də var. Bakıdakı ilk görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir. Bu cütlük püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Potensial rəqiblər isə daha yüksək reytinqli 10 komanda və cütlük olacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar Marşrutu

Səpələnmişlər

“Olimpiakos” (Yunanıstan”)

“Viktoriya” (Plzen, Çexiya)

“Zalsburq” (Avstriya) / “Liepaya” (Latviya) cütünün qalibi

“Seltik” (Şotlandiya) / “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

APOEL (Kipr) / TNS (Uels) cütünün qalibi

BATE (Borisov, Belarus) / SJK (Finlandiya) cütünün qalibi

“Legiya” (Polşa) / “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

“Dinamo” Zaqreb (Xorvatiya) / “Vardar” (Makedoniya) cütünün qalibi

“Ludoqorets” (Bolqarıstan) / “Mladost” (Monteneqro) cütünün qalibi

“Kopenhagen” (Danimarka) / “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

Səpələnməmişlər:

“Qarabağ” (Azərbaycan) / “Düdelanj” (Lüksemburq) cütünün qalibi

“Rusenborq” / “Norrçöpinq” (Norveç) cütünün qalibi

“Astana” (Qazaxıstan) / “Jalqris” (Litva) cütünün qalibi

“Astra” (Rumıniya)

“Şerif” (Moldova) / “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) / “Valletta” (Malta) cütünün qalibi

“Dinamo” (Tiblisi, Gürcüstan) / “Alaşkert (Ermənistan) cütünün qalibi

“Hafnarfyordur” (İslandiya) / “Dandolk” (İrlandiya) cütünün qalibi

“Trençin” / “Olimpiya” (Sloveniya) cütünün qalibi

“Ferentsvaroş” (Macarıstan) / “Partizani” (Albaniya)

Liqa Marşrutu

Səpələnmişlər:

“Şaxtyor” (Donetsk, Ukrayna)

“Ayaks” (Hollandiya)

“Anderlext” (Belçika)

“Fənərbaxça” (Türkiyə)

“Sparta” (Çexiya)

Səpələnməmişlər:

PAOK (Yunanıstan)

“Styaua” (Rumıniya)

“Monako” (Fransa)

“Yanq Boys” (İsveçrə)

“Rostov” (Rusiya)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 26-27 iyul və 2-3 avqustda keçiriləcək.