Nitsa hücumu: Rihanna konsert proqramını təxirə salıb

Rihanna Bastiliyanın alınması bayramı şərəfinə tədbir zamanı azı 84 nəfərin ölümü ilə nəticələnmiş hücumdan sonra Nitsada keçirməyi planlaşdırdığı konsertini təxirə salıb.

AzEuroNews bbc.com-a istinadən xəbər verir ki, pop ulduzu Instagram-da yazıb ki, cümə günü şəhərin Allianz Stadionunda keçiriləcək konsert proqramı “faciəvi hadisəyə görə planlaşdırıldığı kimi baş tutmayacaq…”

Şənbə günü başlanacağı gözlənilən Nitsa Caz Festivalı da təxirə salınıb.

Dünyanın bir sıra incəsənət xadimləri xəbərlə bağlı sarsıntı keçirdiklərini bildiriblər.

Hadisəyə görə riqqətini bildirənlər arasında komediyaçı Amy Schumer, aktrisa Mia Farrow və TV ulduz Kim Kardashian West də var.

Hazırda Avropada konsert turunda olan Rihanna-nın hücumun baş verdiyi zaman Nitsa şəhərində olduğu deyilir.

Onun təmsilçiləri ifaçının “salamat” olduğunu bildirirlər.

Nitsa bulvarında yük maşınının izdiham üzərinə sürülməsi nəticəsində azı 84 nəfər həlak olub.