Türkiyədəki proseslər NATO-ya təsir edəcək: İŞİD-lə mübarizə ÇƏTİNLƏŞƏCƏK

Türkiyədə hərbçilərin dövlət çevrilişinə cəhdi dünya gündəmini silkələyib.

Modern.az saytının xəbərinə görə, nüfuzlu  “The Guardian” nəşri yazıb ki, bu hadisələr regionda təhlükəli destebilizasiyaya – müharibələr, terrorizm, kütləvi miqrasiyaya gətirib çıxara bilər.

Şərhə görə, Türkiyədəki proseslərin Yaxın Şərq və NATO-ya da təsir edəcək.

“Washington Post” isə yazıb ki, hərbi çevrilişə cəhdin uğursuzluğa düçar olması, “İslam dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə qeyri-müəyyənlik yaradacaq.

Belə ki, Türkiyədəki hadisələr ABŞ, NATO və onun müttəfiqləri üçün pis xəbərdir. Çünki NATO üzvü olan Türkiyə terrorizmlə mübarizədə ön xətdə dayanır.

Qəzet bildirib ki, Türkiyəni Suriyada antiterror əməliyyatları aparmaq üçün baza adlandırmaq olar. Amma Türkiyədə cərəyan edən proseslər ABŞ-ın Ankaraya hər cür yardımının dayandırılmasına gətirib çıxara bilər.

Bu isə İŞİD-lə mübarizədə Türkiyənin resurslarından istifadə etmək imkanını təhlükə altına qoyur.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Nəticədə 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.

Hərbi çevrilişə cəhdə görə 1563 hərbçinin həbs olunduğu bildirilir.