Türkiyənin prezidenti İstanbuldakı Atatürk Hava Limanında mitinqdə xalqa müraciət edib

Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı Atatürk HavaLimanında mitinqdə xalqa müraciət edib.

APA-nın məlumatına görə, o bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin içində olan və “paralel yapı” ilə əlaqəsi olan azlıqda olan qrup “Türk millətinin pulları ilə alınmış silahları millətə yönəldib”.

Ərdoğan “ötən gecə “paralel yapı”nın əsl üzü ortaya çıxdı” deyib. O, yenə də xalqı meydanlarda qalmağa və iqtidara dəstək verməyə çağırıb.

Ərdoğan deyib ki, Türk millətinin iş başına gətirdiyi hökumət və prezident vəzifəsini icra edir.

O, hazırda ABŞ-da yaşayan Fətullah Gülənə də səslənib: ” Pensilvaniyaya səslənirəm. Bu millətə elədiyin xəyanət yetər. Gücün yetirsə, məmləkətə gəl. Bu ölkəni qarışdırmağa sənin gücün yetməyəcək”.

Ərdoğan deyib ki, Türkiyənin böyüməsini, bu millətin güclənməsini həzm edə bilmirlər.

O, İstanbulda problemlərin sona yetdiyini, Ankarada isə “kiçik bir sıxıntı qaldığını” qeyd edib.