Azad Rəhimov: İdmançılarımızı virusdan qorumaq məqsədilə 100-dən çox çanta sifariş olunub

“London Olimpiya Oyunlarında Azərbaycan 53 lisenziya qazanaraq 16 idman növündə təmsil olunurdusa, Rio Yay Olimpiya Oyunlarında Olimpiya yığma komandamız daha geniş tərkibdə – 18 idman növündə 57 lisenziya ilə təmsil olunacaq”.

Bunu gənclər və idman naziri Azad Rəhimov Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki deyib.

A.Rəhimov bildirib ki, sevindirici haldır ki, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü artıq olacaq:

“Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq. Rio Olimpiadasında ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb”.

Nazirin sözlərinə görə, Rio-de-Janeyroda Azərbaycanı güləş, gimnastika və boks olmaqla 3 hakim təmsil edəcək: “Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər. Artıq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatır. Gənclər və İdman Nazirliyinə hazırlıq prosesinin yüksək səviyyədə aparılması, təlim-məşq toplantıları, tibbi-bioloji xidmətin göstərilməsi, idmançıların lisenziya xarakterli beynəlxalq yarışlarda iştirakının təmin edilməsi və s. üçün dövlət büdcəsindən 8 milyon manatdan artıq vəsait ayrılıb. Müqayisə üçün deyim ki, 2012-ci il London Olimpiadasına büdcədən bu məqsədlər üçün 6 milyon manata yaxın vəsait xərclənib”.

A.Rəhimov bildirib ki, bundan başqa, Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin ardıcıl, planlı və mütəşəkkil aparılması üçün lazımi kömək göstərilib: “Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər də həll olunub. İdman nümayəndə heyətinin Rio-de-Janeyro şəhərinə birbaşa və rahat şəkildə avqustun 1-də aparılması və avqustun 22-də Vətənə qayıtması üçün xüsusi çarter reysləri ayrılıb”.

Nazir əlavə edib ki, son zamanlar dünya ictimaiyyətini narahat edən “zika” virusundan idmançılarımızı qorumaq məqsədilə İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutuna içərisində ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlar olan 100-dən çox çanta sifariş olunub. Onlar idmançılara və nümayəndə heyətinin digər üzvlərinə paylanacaq”.

A.Rəhimov həmçinin bildirib ki, Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi avqustun 3-də keçiriləcəkdir.