Sel suları 20-yə yaxın rayonda avtomobil yollarına ziyan vurub

Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-yə yaxın rayonda yol təsərrüfatına xeyli ziyan dəyib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, xüsusilə Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəkidə avtomobil yollarına daha çox ziyan dəyib.

Bundan başqa, intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissələrində, Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lənkəran-Lerik, Masallı-Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələrini daha da aktivləşdirib.

Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb. Dərhal sözügedən ərazilərə mütəxəssislər cəlb olunub, təbii fəlakətin miqyası müəyyənləşdirilib.

Bir çox ərazilərdə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin fəsadları qısa müddət ərzində aradan qaldırılıb.