Yerevanda kütləvi həbslər başladı

Yerevanda dünən səhərdən başlayan hadisələrə görə 200 nəfərdən çox adam məcburən polisə aparılıb.

Bu haqda məlumatı “İnterfaks” yayıb.

Yerli mətbuatın yazdığına görə, polis onların “Təsis Parlamenti” hərəkatına, eləcə də silahlı qrupa bağlılığını araşdırır.

Xatırladaq ki, dünən səhər bir qrup silahlı şəxs Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis bölməsinin binasını ələ keçirib.

Onlar müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Daxili Qoşunların və polis binasının ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

Ermənistan parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib ki, silahlılar 7 nəfəri girov götürüblər. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var.

Deputat da təsdiq edib ki, “Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyətin xalqa təhvil verilməsini tələb edir”.

Deputat onu da vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına cavab olaraq sonadək mübarizə aparmağa kökləniblər.