Bədən formasına görə fitnes

İdman klublarında bir qrup qadının eyni tempdə, bir saat ərzində idmanla məşğul olması bədən formasına və sağlamlığa ziyandır. Çünki hər qadının hərəkət tempi müxtəlifdir. Bu tip idman qadınların ayaqlarında damar dartılmasına səbəb olur. Dartılan damarların aralarındakı boşluqlara isə piy qatları daxil olur. Bu da sellülit əmələ gətirir. Qeyd edək ki, hündürdaban ayaqqabı da eyni problemi əmələ gətirir.

Fitneslə düzgün məşğul olmaqdan ötrü əvvəl bədəninizin tipini öyrənməyə çalışın.

Bədən forması – “armud”

Bədəninizin yuxarı hissəsi arıq, bel incə, çiyinlər balaca, qollar nazik, aşağı ətraflar ətli, çanaq iri, qarnınızsa piylidir? İdmanla axırıncı dəfə məktəbdə, bədən tərbiyəsi dərsində məşğul olmusunuz? O zaman siz fitnesə iri addımlarla gəzinti və yüngül qaçış ilə başlaya bilərsiniz. Üzgüçülük bədəninizin əzələlərini dartıb, aşağı ətrafları hərəkətə gətirib, qarnı əridər. Velotrenajor da eyni effekti verəcək. Lakin uzun müddət üzgüçülüklə məşğul olmaq çiyinləri enlədir.

Bədən forması – “alma”

Çiyinləriniz enli, qollarınız kök, qarnınız piyli, lakin ayaqlarınız arıqdırsa, qantellərlə idman etməyə başlayın. Qanteli ev şəraitində yarım litrlik su şüşəsi ilə əvəz etmək olar. Qolları hərəkət etdirmək döşlərin də formasının yaxşılaşacağına işarədir. Qarınısa velosiped sürmək və ya qaçmaqla əritmək olar. Beliüstə uzanıb, ayaqları havaya qaldırmaqla da velosiped sürmək olar. Üzgüçülük bel və qarın piylərinin əriməsinə kömək edər.