“Türkiyə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prinsiplərinə sadiqdir”

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prinsiplərinə sadiqdir”.

“Qruziya-Online” portalı xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada Çankaya köşkündə gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Türkiyə hökumətinin başçısı bu ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatlığını da ifadə edib: “Biz dəfələrlə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapması prinsipinə sadiq qaldığımızı bildirmişik. Bundan əlavə, son illərdə bölgədə terror aktlarının sayının artması ilə bağlı məsələləri müzakirə etdik. Bir daha terrorçular arasında heç bir fərq qoyulmadan və onların təsnifatını aparmadan terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd etdik”.

B.Yıldırım Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizminin regional əməkdaşlığın inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb. O, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Bakıda planlaşdırılan üçtərəfli görüşünün yaxın vaxtlarda keçiriləcəyinə ümidvar olduğunu bildirib.