“Azərsu” şefi milyonların hesabını necə verəcək? – Xərclənən pullara rəğmən Bakı “Yezid zülmü” görür

Bakının bir neçə rayonunda içməli suyun verilməsi dayandırılıb. Paytaxt sakinlərinin verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai və Surxanı rayonlarında ötən gün axşam saatlarından su kəsilib.

“Azərsu” ASC yaranmış problemlə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. Qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.

Qeyd edək ki, qurumun yaydığı rəsmi məlumatda Suraxanı rayonun adı keçmir, ancaq sözügedən rayonda da dünən axşamdan su kəsilib.

Problemin nə vaxt aradan qaldırılması ilə bağlı heç bir məlumat verilmir. “Azərsu” ASC-dən arqument.az-a verilən açıqlamada bildirilir ki, bu gün problemin həlli mümkün görünmür.

Qeyd edək ki, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun yartmaz fəaliyyəti ilə bağlı zaman-zaman mediada məlumatlar yayılıb. Belə ki, indiyədək Hüseynovun rəhbərlik etdiyi bu quruma dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. Ancaq bu vəsaitlərin hara və necə xərclənməsi bəlli deyil.

Məlumat üçün bildirək ki, “Azərsu” ASC-nin əsas podratçı şirkətlərindən sayılan biri “Hidro İnşaat Servis” MMC-ni artıq qurumun özündə belə Qormaz Hüseynovun “ailə şirkəti” hesab edirlər. “Hidro İnşaat Servis” MMC-nin rəhbərliyi ilə bağlı şikayətlər isə səngimir. Onun tenderlər zamanı və şirkətin gördüyü işlərin reallaşması zamanı yol verdiyi maxinasiya və korrupsiya halları məhz Qorxmaz Hüseynovun göstərişi ilə gizlədilir. Çünki bu şirkətin maliyyə maxinasiyaları və korrupsiya hallarının deşifrə olunması məhz Hüseynovun hədəfə gəlməsi deməkdir.

Belə ki, şirkət 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra “Azərsu”nun layihələrinə cəlb olunub. “Azərsu” prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə “Hidro-Lotus” MMC-dir. “Hidro-Lotus” MMC, “Hidro-Inşaat Servis” MMC yaradılandan 3 ay sonra ” 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. ”Hidro-Lotus” MMC-nin 70 faizi “Hidro-Inşaat Servis”ə, 30 faizi isə Türkiyənin “Lotus Müteahhitlik Planlama Inşaat Mühendislik Enerci Madencilik Ve Taşimacilik Anonim Şirketi”nə (qısaca “Lotus”) məxsusdur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz “Hidro-Lotus” MMC-yə tapşırılıb.

Aydın görünür ki, ASC rəhbəri bu illər ərzində ölkənin, xüsusən də paytaxtın su təchizatından çox özünün varlanmasını düşünub. Məhz bütün bunların nəticəsidir ki, 42-43 dərəcə istidə qurum vaxtaşrıı vətəndaşları günlərlə susuz qoya bilir. Bu özbaşınalıqların isə nə ilə sonuclanacağı bəlli deyil.

Vətəndaşları isə maraqlandıran “milyonlarla vəsait ayrılıbsa, bu problemlər niyə həllini tapmır” kimi sullara beynəlxalq audit şirkəti yaydığı hesablamada aydınlıq gətirib.

Milyonlar necə mənimsənildi?

Belə ki, bir müddət öncə Beynəlxalq audit şirkəti “Ernst & Young Holdings” (CIS) B.V.) Azərbaycanın su monopolisti “Azərsu” ASC-nin bərbad maliyyə göstəricilərini üzə çıxarıb.

Arqument.Az-ın araşdırmaları nəticəsində bəlli olur ki, “Azərsu” ASC-nin audit şirkətinin rəyi əsasında illik maliyyə hesabatına istinadən məlumat yayıb. 2014-cü ildə səhmdar cəmiyyət 886 milyon manat ziyana düşüb. Hərçənd ki, bu, şirkətin 2013-cü ildə düşdüyü ziyandan 162,6 milyon manat azdır. “Azərsu” həmin ili 1 milyard manatdan çox ziyanla başa vurub.

Maliyyə hesabatına əsasən şirkətin su satışı, kanalizasiya və s. xidmətindən gəlirləri 140 milyon 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub.

Beləliklə, şirkət satışdan 53 milyon manat mənfəət əldə edib. Bu, 2013-cü ildəkindən 11,4 milyon manat çoxdur.

Eyni zamanda “Azərsu” ASC və törəmə müəssisələrinin inzibati xərcləri ötən il 29,8 milyon manat (-2,6 faiz), satış və su paylanması xərcləri 94,4 milyon manat (+9,7 faiz) olub. Il ərzində aktivlər 837,2 milyon manat qiymətdən düşüb.

“Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar, 2015-ci il üçün 4 milyard 436,8 milyon manat təşkil edib.

Su istifadəçilərinin borclarının ödənilməsi də məqbul səviyyədə deyil. 31 dekabr, 2014-cü il üçün əhali və qeyri-əhali qruplarının debitor borcları 16,4 milyon və 52 milyon 765 min manat olub. “Azərsu” ASC bu borcların ödənilməsi üçün 59,5 milyon manat ehtiyat yaradıb. Çünki onların ödənilməməsi təhlükəsi var.

31 dekabr, 2014-cü il üçün “Azərsu” ASC-nin dövlət büdcəsinə vergi və ödənişlər şəklində (ƏDV nəzərə alınmaqla) 59,8 milyon manat borcu olub. Il ərzində bu borclar 20,6 milyon manat artıb. Bundan başqa, şirkətin bir müddət öncə Əmək və ƏIhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilmiş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 21,4 milyon manat borcu var. 2014-cü ildə DSMF-yə borclar 15,3 faiz artıb. Nizamnamə kapitalı 400 milyon manat (səhmlərin 100 faizi dövlətindir) olan şirkətin kapitalı 355,4 milyon manat mənfidir.

Auditior rəyində qeyd-şərt var. Sənədə əsasən, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 milyon manat çoxdur. Ona görə “daim fəaliyyət göstərən müəssisə kimi onun fəaliyyətinin davam etdirilməsində qeyri-müəyyənlik var”.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.