​Azərbaycanın iki bankı manat əmanətlərini ucuzlaşdırıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından ikisi manatla qəbul etdiyi əmanətlərin faiz dərəcələrini azaldıb. Söhbət “Rabitəbank” ASC və “YapıKredi Bank Azərbaycan” QSC-dən gedir.

“Rabitəbank”da milli valyuta ilə əmanətlərin illik gəlirliliyi 1% azaldılıb. Əgər indiyə qədər Bank manatla yerləşdirilmiş əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq illik 13-14% dividend ödəyirdisə, hazırda illik faizlər 12-13%-dir.

“YapıKredi Bank Azərbaycan” isə manat əmanətlərini 2% ucuzlaşdırıb. Bu bankda milli valyuta ilə əmanətlərin gəlirliliyi illik 13-14%-dən 11-12% salınıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20,29 manat olan 2 390 343 səhm əsasında formalaşıb. Səhmlərin 23,98%-i Zakir Əlibala oğlu Nuriyeva (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyeva, 22,12%-i Seyran Əlibala oğlu Nuriyeva, 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova, qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

“YapıKredi Bank Azərbaycan” isə 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin “YapıKredi Bankı”na, 0,01%-i “YapıKredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01%-i isə “YapıKredi Finansal Kiralama” şirkətinə məxsusdur.