MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

Bu barədə MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə məlumat verib.

Hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri dinlənilib.

Məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək “Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim etdiyini bildirib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti verib. Ali Məhkəmə də ANS-in kassasiya şikayətini təmin etməyib.