UEFA-dan AFFA-ya cəza

UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 turniri çərçivəsində 08.05.2016-cı il tarixində keçirilmiş Azərbaycan U-17 – Belçika U-17 oyununda qeydə alınmış xoşagəlməz halla bağlı UEFA qərar qəbul edib.

AzEuroNews AFFA-nın saytına istinadən xəbər verir ki, oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə UEFA-ya müraciət ediblər. UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırıb və AFFA-dan məsələyə münasibət bildirməsini tələb edib. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət bildirilib, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı prinsipinə uyğun davrandıqları qeyd olunub.

Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini – UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan “No to Racism” (Rasizmə Yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib. Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları oyununda icra olunacaq.