Ət bazarında bahalaşma davam edəcək

Artıq bir neçə gündür ki, Bakıda mal ətinin 1 kiloqramı 8 manat 50 qəpiyə, quzu ətinin qiyməti isə 9-10 manata satılır.
Yasamal rayonunda yerləşən ət kəsim və satışı məntəqələrində olan “Bizim Yol”-un əməkdaşı öyrənib ki, ətin qiymətinin bahalaşması davam edəcək.
Satıcıların sözlərinə görə, bahalaşmanın bir neçə səbəbi var. Səbəblərdən biri odur ki, Rusiyadan idxal olunan iri buynuzlu və Gürcüstandan gətirilən kiçik buynuzlu heyvanların qiymətinin artmasıdır.
Ölkənin ən iri bazar olan Bərda mal bazarında diri heyvanın çəkisi 7 manatdan aşağı hesablanmır. Mal sahibləri mal-qaranın qiymətində artımın olmasını heyvan yemlərinin (çiyid, jımıx, arpa və s.) bahalaşması ilə əlaqələndirir.
Satıcılar iddia edirlər ki, ot qıtlığı da var və bu da heyvanların bahalaşmasına  səbəb olur. Ənənəvi olaraq yay aylarında mal ətinə tələbatın azaldığını deyən satıcılar bu faktın  qiymətin ucuzlaşmasına səbəb olmadığını deyirlər.
İqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb ki, ət bazarında qiymət bahalaşması ilk növbədə restoranlarda və kafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq: “Təəssüflər olsun ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur. Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heayvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb.
Mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin balığın qiymətində də artırıcı təsirə malik olacaq. Xüsusilə də nəzərə alsaq təxminən ay yarımdan sonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onun qiymətini də bahalaşdıracağına şübhə qalmır”-deyə ekspert vurğulayıb.