Vergilər Nazirliyi ilə şou-biznes nümayəndələri arasında qalmaqal səngimir

Könül Kərimova: “Elə bil ki, hər şey bitəndə düşürlər müğənnilərin üstünə!”; Baloğlan Əşrəfov: “Nazirliyin mənimlə işi yoxdur”

Vergilər Nazirliyi ilə şou-biznes nümayəndələri arasında gedən vergi qalmaqalı səngimək bilmir. Müğənnilərin bəziləri vergi əməkdaşları tərəfindən barələrində heç bir əsası olmadan, haqq-hesab çəkilmədən, qərəzli şəkildə vergi ödənişləri qeydə almasından, daha böyük əksəriyyəti isə dost-tanış toyunda, məclisində pulsuz oxumaqlarına baxmayaraq vergiyə cəlb olunmaqlarından şikayətlənirlər. 
Məsələn, bugünlərdə əməkdar artist Abbas Bağırov hansısa nazirlik əməkdaşının toy məclisində iştirak etmədiyi üçün onun barəsində haqsız olaraq 30 min borc qeydə aldığını bildirmişdi. Əməkdar artist Nüşabə Ələsgərli isə “Yeni Müsavat”a müsahibəsində yaxın rəfiqəsinin oğlunun toyunda qonaq kimi iştirak edərkən hədiyyə kimi məclisdə ifa edib, üstəlik, pul da yazdırmasına baxmayaraq, nazirliyin əməkdaşı tərəfindən vergiyə cəlb olunduğunu bildirmişdi.
Bu cür halla rastlaşan müğənnilərdən biri də Əli Mirəliyevdir. Müğənni aznews.az-a açıqlamasında qeyd edib ki, bugünlərdə qonaq kimi getdiyi toy məclisində toy sahibinin xahişi ilə bir mahnı oxuyub və ifadan dərhal sonra Vergilər Nazirliyinin əməkdaşı ona vergiyə cəlb olunduğu barədə məlumat verib. Əli Mirəliyev “Vergilər Nazirliyi yalnız saray müğənnilərindən, yəni məmur toylarında oxuyanlardan vergi almalıdır, xalqın sənətkarından vergi tutulmaz” deyə öz iradını da bildirib.
 
Mövzu ilə əlaqədar bir neçə müğənninin də mövqeyini öyrənməyə çalışdıq. Xalq artisti Könül Kərimova məsələdə müğənnilərin haqlı olduğunu vurğuladı: “Mənim Vergilər Nazirliyi ilə heç bir problemim yoxdur. Amma hər halda, müğənnilər haqlıdır… Məni o siyahıya salmayıblar, çalışıram ki, belə bir problemlə rastlaşmayım. Həm də axır vaxtlar toylara az gedirəm, gedəndə də yarım saat iştirak edib, qayıdıram. Bu barədə çox danışmaq olar. Guya nə yerində düzdür ki, bu da düz olsun? Sadəcə, bunlar boş-boş şeylərdir. Elə bil ki, hər şey bitəndə düşürlər müğənnilərin üstünə, vəssalam, başqa heç bir şey!”
Əməkdar artist Baloğlan Əşrəfov da bu günədək nazirliklə heç bir problem yaşamadığını dedi: “İndiki sənətkarlar hələ indi vergiyə cəlb olunanda mən sovet hökumətinin vaxtında bu prosesi yaşayırdım və bilirdim ki, belə bir şey var və ona görə həmişə necə lazımdırsa qanuni şəkildə öz vergilərimi ödəyirəm. İndiki dövrdə toyların sayı da çox deyil. Amma yenə də çalışıram ki, borclu qalmayım. Vergilər Nazirliyinin mənimlə işi yoxdur. Əgər nəsə bir xəbərdarlıq olarsa, onda mən də maraqlanaram ki, bu hardandır”.
Müğənni Manaf Ağayev də “Yeni Müsavat”a açıqlamasında bu günədək nazirliklə heç bir problem yaşamadığını bildirdi. Maraqlıdır, doğrudanmı müğənni toy məclisində iştirak etmədiyi halda ona vergi yazıla bilər? Nazirlik müğənnilərin iştirak etdiyi məclislərdəki iştirakının statistikasını necə tənzimləyir?
 
Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov bəzi suallara aydınlıq gətirib. Nazirliyin əməkdaşı “Yeni Müsavat”a açıqlamasında müğənnilərin vergi öhdəliyinin məhz iştirak etdiyi tədbirlərə görə hesablandığını vurğulayıb: “Burada əsas problem ondadır ki, bizim müğənnilər məclislərdə iştirak edir, lakin qeydiyyat kitabında qeyd aparıb bunu göstərmək istəmirlər. Vergilər Nazirliyinin iyun ayında apardığı monitorinqlər zamanı müxtəlif məclislərdə iştirak edən müğənnilərin öz çıxışlarının 40 faizindən çoxunu qeydiyyat kitablarında qeydə almadıqları müşahidə edilib. Məlumat üçün bildirim ki, şadlıq evlərində müğənnilərin hansı vaxtda və nə zaman iştirak etməsi bizim məlumat bazasında toplanır və həmin müğənni bəyannaməsini təqdim edərkən bu məlumatlar tutuşdurulur və dəqiqləşdirilir. Vergi öhdəliyinin müəyyən edilməsi konkret sübutlara əsaslanır və vergi xidməti əməkdaşı özündən kiməsə vergi hesablaya bilməz. Belə əsassız fikri yalnız vergi sistemi ilə tanış olmayan şəxslər söyləyə bilərlər”.
Qeyd edək ki, Vergilər Nazirliyi müğənnilərin məclislərdəki iştiraklarının statistikasını müəyyənləşdirmək üçün Bakı və digər böyük şəhər və rayonlardakı şadlıq evlərinə xüsusi kameralar quraşdırıb. Hər gün şadlıq saraylarını monitorinqdə saxlayan nazirlik bununla həmin saraylardakı müğənninin kimliyini və rübdə neçə dəfə toyda iştirak etdiyini müəyyən edə bilir. Müğənnilərin oxuduğu toyların qiymətini isə nazirlik təxminən həmin sənətçinin əldə etdiyi gəlirə əsasən müəyyən edir. Öz ailə üzvlərinin, qohumlarının və dostlarının məclisində pulsuz çıxışlar etməyinə baxmayaraq, sənətçilər verginin statistikasına daxil olurlar.
Xatırladaq ki, iki ay öncə Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısını rəsmi saytında açıqlamışdı. “Qara siyahı”da xalq artisti Brilliant Dadaşova, Gülyanaq Məmmədova, əməkdar artist Elza Seyidcahan, Mətanət İskəndərli, Abbas Bağırov və digər tanınmış 50 müğənninin adı yer almışdı.
Xalidə GƏRAY