“Accessbank” “Azərbaycanın ən yaxşı bankı” seçilib

“Accessbank” QSC-yə 2010-cu ildən bəri artıq 6-cı dəfə layiq görüldüyü “Azərbaycanın ən yaxşı bankı” mükafatı təqdim edilib.

Məlumata görə, mükafat Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “2016-cı il üzrə ən yaxşı nəticələr” adlı mükafatlandırma mərasimində təqdim olunub. Bu mükafatı “Accessbank”a bütün dünyada məşhur olan “Euromoney” maliyyə nəşri yüksək səviyyəli bank xidmətləri göstərdiyinə görə verib.

Xatırladaq ki, “Accessbank” 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 85 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 4,25 manat olan 20 mln. səhm əsasında formalaşıb.

Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın “KfW” inkişaf bankı, eləcə də 16,53% payla “Access Microfinance Holding AG” və 3,47% payla Almaniyanın “LFS Financial Systems GmbH.” şirkətləridir.