Musa Quliyev: Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində zəruri addımlar atılır

«Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, davamlı olaraq pensiya və müavinətlər, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqları artırılır. Onun sözlərinə görə, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımların  verilməsi mexanizmləri təkmilləşdirilir.

«Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin də azaldılması üçün geniş imkanlar açmışdır. Əhalinin rifahının yüksəldilməsini şərtləndirən bir amil də verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və ölkəmizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir»- deyə, M.Quliyev vurğulayıb.