223 nəfər yeni mənzillərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 ədəd mənzili, respublikanın 30-a yaxın rayonunda 116 ədəd fərdi yaşayış evini istifadəyə verməklə, 223 nəfər Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, indiyədək ƏƏSMN tərəfindən 5455 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 5 min nəfərə yaxını məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün respublikamızın müxtəlif bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir.

Bundan başqa, 2014-2015-ci illərdə nazirlik tərəfindən 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin olunub ki, bu da indiyədək  nazirlik tərəfindən avtomobil təqdim edilən şəxslərin (5750 nəfər) 33,6%-ni təşkil edir.

Nazirlikdən bildirilib ki, Qarabağ müharibəsi əlillərinə prezident təqaüdünün məbləği bu təqaüdün təsis edildiyi 2008-ci ildən bəri orta hesabla iki dəfədən də çox artırılıb. Qeyni zamanda, 2007-ci ildən bəri şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 2,2 dəfə artırılaraq 220 manata çatdırılıb. Bu ilin iyulun 1-nə nazirliyin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 26,2 min nəfərdən çoxunu Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təşkil edib.

“2016-cı ilin 01 iyul tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin uşaqlarından ibarət 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir”, – deyə məlumatda vurğulanıb.