ABŞ-ın elektron səsvermə sistemi hakerlərin hədəfinə çevrilə bilər

ABŞ-ın kiber təhlükəsizlik üzrə mütəxəssisləri Demokratlar Partiyasının kompüter sisteminə hakerlər tərəfindən hücumların gələcəkdə daha ciddi hal ala biləcəyini bildirir. Bundan narahatlıq keçirən ekspertlər qeyd edirlər ki, gələcəkdə ABŞ-ın elektron səsvermə sistemi hakerlərin hədəfinə çevrilə bilər. Bu barədə “New York Times” nəşri məlumat yayıb.

Mənbə yazır ki, ötən ay “Wikileaks” saytında Demokratlar Partiyasının milli komitəsinin emaillərinin ictimaiyyətə açıqlanması partiya üçün ciddi nəticələr doğurdu və partiyanın sədri, Konqresin qadın üzvü Debbi Vasserman Şults yaranmış qalmaqal səbəbindən istefa verməli oldu.

Kiber təhlükəsizlik məsələləri üzrə təhlilçi Riçard Forno KİV-ə  müsahibəsində bildirib ki, bu, hakerlərin siyasi məqsədlərinə çatdıqlarını və hücumlarını gücləndirə bildiklərini göstərir.

“Seçkiyə, ölkələrin siyasi prosesinə müdaxilə kəşfiyyat və xarici siyasətdə əsas vasitələrdən biridir. Buna görə də, biz elektron səsvermə sistemini inkişaf etdirsək və hər yerdə, istənilən yerdə səs vermək imkanı yaratsaq, ənənəvi təhlükələr bizdən uzaqlaşmayacaq və indi kiberməkanda bu cür təhlükələr  daha yüksəkdir”, – deyə Riçard Forno bildirib.