Qarpızdan niyə zəhərlənirlər? – Nazirliklərə İTTİHAM

Son zamanlar qarpızdan zəhərlənənlərin sayı sürətlə artır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı açıqlama verib.

Ekspert bildirib ki, “Azad İstehlakçılar Birliyi “Montin” bazarında yoxlamalar aparıb.

“Yoxlamaları 5 yerdə apardıq və məlum oldu ki, qarpızların tərkibində normadan 3 dəfə artıq, 183 milliqram nitrit var. Normal olaraq  qarpızın 1 kilosunda 60 milliqram nitrit ola bilər. Əgər qarpızdakı nitritlər 600 qram olarsa bu artıq təhlükəlidir. Həmin şəxs dərhal xəstəxanaya çatdırılmalıdır”

O deyib ki, hazır məhsulların məhv edilməsinin tərəfdarı deyillər.

“Çox təəssüflər olun ki, Kənd Təsərrüfatı Nazirliyi əkinçilərlə ciddi şəkildə iş aparmır və qarpıza normadan artıq nitritlər verilir. Bir tərəfdən ölkəmizdə 2015-ci ilin 23 dekabrında ölkə prezidentinin sərəncamı ilə infeksion xəstəliklə mübarizəyə dair 2015-2020 üçün strategiya hazırlanıb. Həmin strategiyanın maddələrindən biri də qeyri-infeksion, yəni qida zəhərlənmələrinin qarşısını almaqdır.

Bizim digər bazarlarda da apardığımız monitorinqlər göstərir ki, hər yerdə qarpızların tərkibində icazə verilən normadan artıq nitritlər var. Bu insanları tədrici zəhərlənməyə və ya qəfildən zəhərlənməyə gətirir. Tərkibində 1kq-da 200 milliqram nitrit olan qarpızdan 3 kq yeyən adam təcili xəstəxanaya çatdırılmalıdır. Təəssüflər olsun ki, insanların orqanizmi bir-birindən fərqi olduğu üçün qarpız satanlar bunu nəzərə alıb düşünürlər ki, satdıqları normal qarpızdır. Azad İstehlakçılar Birliyində olan bu unikal cihazdan yararlanmaq istəyənlər bizə müraciət edə bilərlər.

“Soleks” cihazı bütün bazarlara, meyvə tərəvəz verilən yerlərdə olsa yaxşı olar.  Təkcə qarpızlarda deyil yemiş və soğanda da bu hallar yaşanır.  İnsanlar bir oturuma az qarpız yesinlər. Azərbaycanda bitən qarpız 4-5 kq-dan artıq olmur, çalışsınlar ki, böyük qarpız və qabığı qalın qarpızdan çəkinsinlər. Çox şirin, özəyi çəhrayı rəngdə olan, ağ zolaqlar olan qarpızlar nitritlərlə zənginləşmiş qarpızlardır”

Eyyub Hüseynovun sözlərinə görə, bunun  qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin işçiləri şənbə bazar günü bahalı kostyumlarını geyinib bazarda qiymət tənzimləmək əvəzinə, aprel ayında kəndçilərin yanında olmalıdırlar.

“Gübrənin nə qədər verilməsi ilə bağlı, yonca əkinindən sonra qarpız əkininin məsləhət olmadığına dair  aqrar məsləhətlər verilməlidir. Ancaq bunları etməyib, hazır məhsulu aparıb məhv etmək, bazardan çıxarmaq kəndçinin əməyini külə sovurmaqdır. Kənd Təsərrüfatı Nazirliyi zəhmət çəksin effektiv iş görsün və Səhiyyə Nazirliyi partizan kimi susmasın. Səhiyyə Nazirliyi qarşısına qoyulan strategiyaya məsuliyyətli yanaşmalıdır. Həmin strategiyada  nəzərdə tutulur ki,  2020-ci ilə qədər tütündən istifadə 10 faiz azaldılsın .

Lakin Səhiyyə Nazirliyi 2 ay qabaq təhlükəli tütün istehsal edən müəssisəyə yoxlama aparmadan gigiyenik sertifikat verib. Təsadüfü deyil ki, ölkədə 700-ə yaxın qida növü sertfikatlaşdırılmadan və yoxlanılmadan satılır. Bu, anormal bir haldır. Qarşıya qoyduqları strategiyanı belə yerinə yetirirlər”.