Gecə yata bilməyənlərə 6 VACİB MƏSLƏHƏT

Tibbi olaraq insomnia adlandırılan yuxusuzluq problemi əhalinin təxminən 25 %-i əhatə edir. Unikal.org-un məlumatına görə, yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi, bəzən depressiya, həyəcan pozuntusu, panik atak kimi xəstəliklərlə yanaşı ikincili olaraq rast gəlinir.

Yuxu pozuntuları özünü bir çox formalarda göstərir. Daha tez-tez rast gəldiyimiz yuxuya getmədə çətinliklər və yuxunun keyfiyyətinin aşağı olmasıdır. Bunlardan başqa yuxuda qorxu sindromu, qorxulu yuxular, narahat ayaq sindromu, yuxu apnoyesi (tənəffüsün ani dayanması – daha çox xoruldayan insanlarda olur) kimi yuxu parasomniyaları məlumdur.

İnsomnia diaqnozunun qoyulması üçün xəstədən ətraflı məlumat toplanmalıdır. Belə ki, yaxın qohumlarda belə bir problemin olub-olmamasından tutmuş bu halın nə vaxt başladığını, nə qədər davam etdiyini, artıb-azalmaların olub-olmadığına qədər hər detalı dəqiqləşdirmək lazımdır. Bundan başqaxəstənin orqanizmində hər hansı digər tibbi problemlərin olub-olmamasıda araşdırılmalıdır(məsələn, xroniki ağrılar, qaraciyər problemi, allergik reaksiyalar və s). Eləcə də xəstənin yuxuya getməsinə mane ola biləcək spirtli içki qəbulu, narkotik maddədən istifadə məsələlərinə diqqət yetirilməli, yataq otağının havalandırılmasına, otaqda pis qoxuların olmasına, səs-küyə, işıqlandırmanın hansı səviyyədə olmasına fikir verilməlidir.

Klinik praktikada tez-tez rast gəldiyimiz yuxusuzluq formaları aşağıdakılardır:

1. Psixofizioloji insomnia: Heçbir ciddi stress yaşamamasına baxmayaraq, şəxs yuxuya gedə bilmir, yataqda çevrilir, ağlına müxtəlif fikirlər gəlir, keçmişi və gələcəyi haqqında dayanmadan fikirləşir. Lakin beynində əsas olan fikir, təkrar yata bilməyəcəyini düşünməkdir.

2. Kəskin insomnia: Bəlli bir stressdən sonra yaranan yuxu pozuntusudur. Bu problem müəyyən müddət sonra aradan qalxır.

3. Yuxu keyfiyyətinin düzgün dəyərləndirilməməsi: Şəxs gün ərzində 6-8 saat yatmasına baxmayaraq, hər dəfə səhər oyananda heç yata bilmədiyini söyləyir.

4. İdiopatik insomnia: Gənclik illərində meydana gəlir və yuxu oyaqlıq balansının pozulması ilə özünü göstərir. Şəxsdə gündüz yatıb əvəzində gecə yatmamaq problemi olur.

5. Pis yuxu gigiyenasına bağlı yuxusuzluq: Burada yuxunun pozulmasına yataq otağının yaxşı havalandırılmaması, ətrafında səs-küyün olması və s. kimi səbəb var. Bu problemlər aradan qalxan kimi yuxu problemi də həllini tapır.

Müalicəsi

Müalicəsi alternativ yollarla (dərmansız) və medikamentozdur (dərmanla).

Əgər siz dərman qəbul etmədən yuxunun keyfiyyətini yaxşılaşdırmaq istəyirsinizsə, sizə bəzi tövsiyələrimiz olacaq:

1. Yalnız yuxunuz gələndə yatağa girin;

2. Yataqdan cinsi əlaqə və yatmaqdan başqa heç bir məqsədlə istifadə etməyin (məsələn, kitab oxumaq);

3. Yatmazdan əvvəl kofe, tünd çay, spirtli içki qəbul etmək olmaz.

4. Hər gün eyni vaxtda yatmağa çalışın və gecə yatıb-yatmamağınızdan asılı olmayaraq səhər eyni vaxtda oyanın.

5. Günortalar çalışın ki, yatmayasınız.

6. Əgər yuxunuz gəlmirsə, özünüzü yatmağa məcbur etməyin. Yataqdan qalxıb başqa bir otağa keçib gəzişməyə başlayın. Sonra isə yenidən yataq otağına qayıdıb yuxuya getməyə çalışın.

Dərman terapiyası

Pozulmuş yuxu funksiyasının qaydaya salınması məqsədilə istifadə etdiyimiz dərmanlar müxtəlifdir. Lakin onların hamısı üçün bəzi təsdiqlənmiş istifadə şərtləri var:

1. Dərmanlar hər gün eyni vaxtda qəbul edilməlidir.

2. Bu dərmanların yuxu məqsədilə iki aydan çox qəbul edilməsi yolverilməzdir.

3. Dərman qəbuluna bütün hallarda ən kiçik dozadan başlamaq lazımdır.