Telefonun vaxtaşırı 100 faiz doldurulması batareyanın ömrünü qısaldır

Telefon batareyalarının enerji ilə doldurulması üçün ən münasib vaxt özünüzün oyaq, telefonun isə istifadəsiz olduğu vaxtdır.

“The Mirror” xəbər verir ki, əksər adamlar telefon batareyasının doldurulmasını gecə saatlarına saxlayırlar. Bu isə kökündən yanlışdır.

İstehlakçılıq eksperti Dominic Littlewood bildirir ki, batareyaların telefon sahibinin yatdığı saatlarda doldurulması yanğın təhlükəsi yaradır. Ələlxüsus da elektrik şəbəkəsinə qoşulu telefon yatağınızdadırsa.

Ekspert bildirir ki, şəbəkədə olan telefonların qızması yorğan-döşəyə od sala bilər. Littlewood yarızarafat deyib ki, yatmazdan əvvəl telefonunuzu heç olmasa mətbəxdə tavanın içinə qoyun.

Bu da həqiqətdir ki, telefonun lazım olduğundan daha uzun müddət şəbəkədə olması onun batareyalarını vaxtından əvvəl sıradan çıxara bilər.

Kompüter məsləhətçiləri isə tövsiyə edirlər ki, telefonun batareyasını heç vaxt “ağzınadək” doldurmayın.

Onların fikrincə, telefonun vaxtaşırı 100 faiz doldurulması batareyaların ömrünü qısaldır.