Rusiya və Ukrayna arasında diplomatik əlaqələr kəsilə bilər

Rusiyanın baş naziri Dmitri Medvedev hesab edir ki, Ukrayna ilə diplomatik əlaqələr kəsilə bilər. Bu barədə RİA Novosti xəbər verir.

Ukrayna ilə son qalmaqalı şərh edərkən baş nazir deyib: “Digər variantlar olmasa, Rusiya prezidenti belə qərarı qəbul edə bilər”.

Xatırladaq ki, iki gün əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsi tərəfindən hazırlanmış terror aktlarının qarşısının alındığını bəyan edib. Məlumatda deyilirdi ki, diversiyanın məqsədi turizm biznesinə zərbə vurmaq olub.

Ukrayna Silahlı Qüvvələrinin (SQ) qərarqahının rəsmi nümayəndəsi Vladislav Seleznyov FTX-in bu məlumatını təkzib edərək provokasiya adlandırıb. Krım və Donbassla sərhəddə yerləşən Ukrayna SQ-in bütün bölmələri gücləndirilmiş hərbi hazırlıq səviyyəsinə gətirilib. Qərar Ukrayna Prezidentinin güc strukturları və Xarici İşlər nazirliyi ilə keçirilmiş iclasın yekununda qəbul edilib.

“İzvestiya” qəzeti yazıb ki, Ukrayna tərəfinin bu cür addımlarına sərt cavab olaraq Kreml Kiyevlə diplomatik əlaqələrinin kəsilməsi məsələsini gözdən keçirir.