İstanbul və Ankaradakı bütün hərbi hissələr köçürüləcək

Hərbi çevriliş cəhdi ilə əlaqədar Türkiyə ordusundan xaric edilən hərbçilərin sayı 3 min 185 nəfərə çatıb.

Hürriyet xəbər verir k, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık açıqlayıb.

Xaric edilən hərbçilərin 151-i general və admiraldır. Hərbi çevriliş cəhdi və Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı 265 pilot ordudan xaric edilib.

Hazırda fövqəladə durumlarda tələb olunan sayda pilot olsa da, pilotların ümumi sayı Türkiyə ordusu üçün zəruri həddən azdır.

F. İşık pilot ehtiyacının aradan qaldırılması üçün FETÖ-nün təzyiqi ilə ordudan uzaqlaşdırılan pilotların və digər hərbçilərin orduya qayıtmasına imkan verəcək qanun hökmündə qərarnamə üzərində çalışdıqlarını nəzərə çatdırıb.

Hərbi çevriliş cəhdindən sonra 162 hərbçinin qaçdığını, istintaqın davam etdiyini söyləyən F. İşıq ordudan uzaqlaşdırılanların sayının dəyişə biləcəyini də qeyd edib.

Müdafiə naziri hərbi çevriliş günü çevriliş tərəfdarlarının əsas bazası rolunu oynayan Ankaradakı Akıncı Hərbi Hava Bazasının yerində Demokratiya parkı salınacağını da açıqlayıb.

F. İşık İstanbul və Ankaradakı bütün hərbi hissələrin sentyabrın 15-dək köçürüləcəyini, bu hərbi hissələrin yerləşdiyi ərazilərin əhalinin və dövlət qurumlarının istifadəsinə veriləcəyini bildirib.