Siyavuş Novruzov: “YAP Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir”

41

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirib.

S.Novruzov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Prezidentin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi Azərbaycan dövlətinin tariximizdə oynadığı müstəsna rolunu vurğulamaqla yanaşı, onun əsasını qoyduğu ideyaların əbədiliyinin və həmişəyaşarlılığının növbəti təsdiqidir:

“Cənab Prezident İlham Əliyev həmin iclasdakı çıxışı zamanı dediyi kimi, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, hətta öz praktiki fəaliyyətində onları təmin edib”.

S.Novruzov qeyd edib ki, indiki müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir:
“Cənab Prezidentin də söylədiyi kimi, biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Prezidentin qarşıya qoyduğu vəzifələr və 2018-ci ildə görülməsi nəzərdə tutulan işlər isə bir növ “Cümhuriyyət ilinə” ərmağan olacaq”.

Komitə sədri bildirib ki, bu il ümumilikdə ölkə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyuluşu gözlənilir:

“Habelə, irimiqyaslı layihələrdən TANAP layihəsinin, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsi başa çatdırılacaq, ikinci süni peykimiz olan “Azerspace-2” kosmosa çıxarılacaq. Sahibkarlığa Kömək Milli Fondu sırf daxili imkanlar hesabına yerli iş adamlarına 170 milyon manatdan artıq güzəştli kredit verəcək, 20 min köçkün ailəsi yeni inşa ediləcək evlərə və mənzillərə köçürüləcək. Ölkədə 137 modul tipli məktəb, 6 yeni mərkəzi rayon xəstəxanası, 3 “ASAN xidmət” mərkəzi, 2 Olimpiya idman kompleksi, bölgələrimizdə yeni sənaye parkları, 10 yeni xalça fabriki tikilərək istifadəyə veriləcək. Bu il 160 milyon dollarlıq kənd təsərrüfatı texnikası alınacaq, 300-dən artıq subartezian quyu qazılacaq və ən az 100 min hektar heç vaxt suvarılmamış ərazi əkinçiliyə açılacaq. Sevindirici haldır ki, bütün bunlar Cümhuriyyətin yubileyinə veriləcək töhvələrin heç də tam siyahısı deyil. Sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimi Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir və daim tariximizə qızıl hərflərlə yazılacaqdır. Biz isə arzu edək ki “Cümhuriyyət ili” bütün həmvətənlilərimiz üçün birlik, bərabərlik və həmrəylik ili kimi tariximizə əbədi həkk olunsun”.