Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada hər gün təxminən 1640 nəfərin sığınacaq istəyi qəbul edilir. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Qaçqınlar və Miqrantlarla iş üzrə Federal İdarənin (BAMF)  rəhbəri Jutta Cordt jurnalistlərə açıqlamasında  deyib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə qaçqın axınında azalma olsa da, Almaniya üçün qaçqın böhranı bitməyib.

Xanım Cordt vurğulayıb ki, Almaniya ən çox qaçqın axınına 2015-ci ildə məruz qalıb: “O vaxt 890 min qaçqın qəbul etmişdik. Bizim üçün çox çətin idi. Çünki Almaniyanın qaçqınları qəbul edib yerləşdirmək kimi təcrübəsi yox idi. 2016-ci ildə bu rəqəm təxminən 280 min nəfər olub. Bu il 200 min nəfərlik kvota müəyyən olunub və axının bu rəqəmi keçməsi gözlənilmir”.

Jutta Cordt və Thomas de Maziere
Jutta Cordt və Thomas de Maziere

► Almaniyanın daxili işlər naziri  Thomas de Maziere isə bildirib ki,  2017-ci ildə 600 mindən çox sığınacaq axtaran şəxsin ərizəsi qəbul edilib: “Onların arasında 60 qatı cinayətkar gəldikləri ölkəyə təhvil verilib. Ümumilikdə isə, 26 min nəfərin deportasiyası həyata keçirilib. Onların arasında sığınacaq istəyi rədd edilənlər üstünlük təşkil etsə də, könüllü qayıdanlar da az olmayıb”.

Daxili işlər nazirinin sözlərinə görə, sığınacaq istəyi ilə bağlı rədd cavabı alanların məhkəmədə “pozitiv” qərar alması 80 % təşkil edir: “Federal idarə məhkəmələri BAMF-a qarşı olan məhkəmə iddialarını qaçqınların xeyrinə qərar verməklə həll edir. Amma buna baxmayaraq məhkəmələrdə hələ də baxılmamış işlər var ki, onların da müxtəlif səbəbləri var”.