Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Deputat, Əfv komissiyasının üzvü Elmira Axundovanın oğlu Həbib Axundovun adı illərdir ki, 8 milyon manatlıq dələduzluq cinayətinə qarışıb. AzEuroNews.com xəbər verir ki, bu gün 8 milyon manatlıq cinayətə görə Həbib Axundovun dostu Elnur İbrahimov həbsdədir. Bu dələduzluq cinayətindən dolayı 2014-cü ilin iyununda külli miqdarda dələduzluq faktına görə cinayət işi başlanıb. Bundan 1 il əvvəl, 2013-cü il 9 avqustda isə Elnur İbrahimov ölkədən qaçıb. Qaçmazdan 1 gün əvvəl isə deputat Elmira Axundova iş üzrə zərərçəkən Fərman Məmmədova təklif edib ki, oğlu Həbib Axundov, onun dostu Elnur İbrahimov və ailələrinin yaxını Rəşidlə oturub ona dəyən zərəri hesablayıb konkretləşdirsinlər. Belə də olub. 6-cı Köndələn küçəsində yerləşən “Favorit” marketin 1-ci mərtəbəsində tərəflər görüşüblər. Həm Elmira Axundovanın görüş təklifinin, həm də biləvasitə görüş zamanı danışılanları təsdiqləyən səs yazıları var.

2013-cü il avqustun 8-də baş tutan görüşün mövzusunu təqdim edirik:

Həbib Axundov
Həbib Axundov

İştirak edirlər Həbib Axundov, Elnur İbrahimov, Rəşid və Fərman Məmmədov.

Söhbəti əsasən Rəşid aparır. Rəşid Fərman Məmmədova təklif edir ki, ortada ölüm-itim yoxdur, ona görə də bir qədər güzəştə gedib yaranmış borc azadılsın. Fərman Məmmədov təklifi qəbul edir və borcun 575 min manatdan 450 min manata qədər endirilməsinə etirazının olmadığını diqqətə çatdırır.

Həbib Axundov söhbətə qoşulur:

– Olar mən bir söz deyim? 300 mini inşallah 3 ayın içində gətirib verəcəm, 3 ayın içində 300 min pul sizə çatacaq. Qalır qıraqda 150 min. Gəl onun 50 minini götürək.

Fərman Məmmədov:

– Yox Həbib.

Həbib Axundov:

– Fərman dayı. Allah eləsin mən qazanım, bütün 575 mini gətirib verərəm. Fərman dayı, 3 aya 300 mini gətirib verirəm, 2 ilə də 150 mini bağlayıram.

Fərman Məmmədov:

– Oldu. 2 ilə da 150 mini bağlayarsan.

Həbib Axundov:

– Oldu. 2 ilə qədər də məndən 150 mini istəməyin. 2 ilin tamamında verəcəm.

Elnur İbrahimov
Elnur İbrahimov

Elnur İbrahimovun fikirləri isə belə olub:

– Bu işdə hamının pulu var idi, bütün uşaqlar ən azı 50 faizini keçdi. Həbibdən tutmuş hamısına qədər.

Fərman Məmmədov:

– Demək istəyirsən mən 50 faizi keçmişəm?

Elnur İbrahimov:

– Yox, yox. Mən hamıdan danışıram. Hamı ona görə keçdi ki, hamı pulunun 50 faizini keçmişdi. İnanın mənə ki, o 700 min manatı olan uşaqlar mənim uşaqlıq dostlarım deyil, hamısı 2 ildir tanıdığım uşaqlardır. Onlar hamısını keçdilər. Bir kəlmə dedilər ki, gedib işləyib yavaş-yavaş qaytararsan. İçlərində ən çətin problemi olan adam var idi, o da Elvin idi. O da ən axırda gəldi oturdu burda. Ona da dedim ki, alınmır Elvin, ya mən gedib oturmalıyam içəridə, hansı ki, onunla da bu söhbət öldü, ya da ki, gedib işləyib ayda 500 manat da olsa göndərməliyəm sənə. O da bununla razılaşdı, çünki başqa variantı yox idi.

Deputat Elmira Axundova
Deputat Elmira Axundova

2 saata yaxın davam edən söhbət zamanı tərəflər razılaşıblar ki, Fərman Məmmədovdan biznes qurmaq adı ilə alınan pulun əsas hissəsi 450 min manat qaytarılsın. 300 min manat 3 aya, 150 min manat isə 2 ildən sonra qaytarılmalı idi. 2014-cü ildə 250 min manat qaytarılsa da, alınan pulun 200 min manatı bu günə qədər qaytarılmayıb.

Hazırda iş üzrə istintaq işi davam etdirilir. Zərərçəkənlər istintaqın gedişatından narazıdırlar.