Deputat bələdiyyələrdəki çatışmazlıqlar və əlillərin problemlərindən danışdı

23

Bu gün bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət bölgüsü məsələsində problemlər yaşanır. Lent.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə “Bələdiyyələrin statusu” Qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat vurğulayıb ki, kənd yerlərində bir çox bələdiyyələr ya öz səlahiyyət və vəzifələrini yaxşı bilmirlər və ya görməli olduqları işlə bağlı icra qurumunun nə qərar verəcəyini gözləyirlər. “Bu problem aradan qaldırılmalıdır və bələdiyyələr üzərilərinə düşən vəzifələrin həllində və vətəndaşların üzləşdikləri problemlərin həllində daha fəal olmalıdırlar. Bələdiyyələrin maarifləndirilməsi istiqamətində görülən işləri dəstəkləyirik. Təəssüf ki, bəzi bələdiyyələr üzərilərinə düşən vəzifələri belə yaxşı bilmirlər və vətəndaşların da haqlı olaraq narazılığı yaranır”.

Millət vəkili bələdiyyələrin fəaliyyətinin daha da genişlənməsinə mane olan amillərdən birinin də maliyyə problemləri olduğunu deyib: “Bələdiyyə torpaqlarının daha səmərəli idarə olunması məsələsi əsas diqqətdə olmalıdır, eyni zamanda yerli vergilərin yığılmasına əngəl olan məsələlər təcili olaraq həllini tapmalıdır. Eyni zamanda vətəndaşların müraciət və şikayətləri əsasında tez zamanda araşdırmaların geniş aparılması və onların hüquqlarının bərpası istiqamətində də işləri genişləndirməliyik. Bələdiyyə institutunun fəaliyyətinin genişlənməsi bölgələrdə çox vacibdir və onlar öz üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsində, vətəndaşların üzləşdiyi problemlərin həllində fəal olmalı, bir sıra layihələrin həyata keçirilməsi istiqamətində təşəbbüskarlığı gücləndirməlidirlər”.

Millət vəkili həmçinin “Əlillərin hüquqları ” ilə bağlı yeni qanun layihəsinin birinci oxunuşda müzakirələri zamanı əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb.

Qənirə Paşayeva ölkədə 620 min əlilliyi olan insanın olduğu və bununda ölkə əhalisinin 6 faizini təşkil etdiyini qeyd edib: “Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir”.

Millət vəkili yeni qanun layihəsində əlillərin əmək hüquqları məsələsinə ciddi önəm verilməli və bu istiqamətdə qanunların həyata keçirilməsi mexanizmlərinin gücləndirilməli olduğunu qeyd edib.

Q. Paşayeva əlillərin hüquqları ilə bağlı yeni qanun layihəsində əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib.

“Eyni zamanda nəqliyyat vasitələrində metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir və onların nəqliyyatdan istifadə edə bilmək hüquqları ilə bağlı ciddi işlər görülməlidir. Eyni zamanlarda yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir və ciddi problemlər aradan qaldırılmalıdır. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək. Çünki buna ciddi ehtiyac var”, – deyə Q. Paşayeva qeyd edib.

Lent.az