Sumqayıt polisi avtomobillərin ehtiyyat hissələrini oğurlayan dəstəni zərərsizləşdirdi-Fotolar

9

Fərhad ÇAĞTÜRK/ Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan, xüsusən avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. AzEuroNews.com-un məlumatına görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar.

Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə  Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etmələri müəyyən edilib.

Qeyd edək ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Azər Güləliyevin ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyun-sentyabr ayları ərzində şəhər ərazisində daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Əməliyyat tədbirinin davamı olaraq saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyən edilib. Həmin şəxslər də müəyyən edilərək izahatlarının alınması üçün polis idarəsinə gətirilib. Qeyd edək ki, metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

3c0ce9b5-052a-4e86-9a54-29639492cd0b 855dfa3b-1bbd-499f-8695-d440874b2d20 a05da3e1-8e2c-40c5-b9fa-2b59160ecf0f da8ff7d8-0a51-46b5-9f9b-3f72a019ceba